Kondisioner seçimi kifayət qədər mürəkkəb proses olduğundan bu işi peşəkarlara həvalə etməyiniz düzgün olardı, lakin bu gün Azərbaycanın iqlim avadanlıqları bazarında külli miqdarda fırıldaqçı və qeyri peşəkarların olmasını nəzərə alıb aşağıda sadalanan məlumatları bilməyiniz gələcəkdə yarana biləcək problemlərdən sizi xilas edəcək və aldanmanın qarşısını alacaq.
Kondisioner gücünün seçilməsi:
Kondisionerlərin güclərini daha dəqiq olaraq seçmək üçün texniki mühəndis hesabatı lazımdır ki, burada otağın həcmi, təyinatı, pəncərə sahəsi, divarların qalınlığı, döşəmə və tavanının materialları , cəhətləri (şimal, cənub, qərb, şərq və s. ), işıqlandırma (lampalar, lüminisent, led işıqlar və s. ), ofis (kompyuter printer, skanner və s. ) və məişət texnikasından (televizor, soyuducu, qaz peçi və s. ), otaqda oturan, işləyən və ya hərəkət edən insanlardan ayrılan istilik, havalandırma vasitəsilə yaranan itkilər və s. nəzərə alınmalıdır.
Ancaq bütün bulara baxmayaraq, əgər siz mənziliniz və ya eviniz üçün kondisioner seçimi etmək istəyirsənizsə asan hesablana bilinən metodlardan istifadə edə bilərsiniz ki, bunlardan biri də aşağıdakı qaydadadır.
Otağın eni, uzunluğu və hündürlüyünü bilib həcmini hesablayırıq (V = en × uzunluq × hündürlük) və alınan rəqəmi 35 ~ 50 arası əmsala vuraraq tələb olunan soyutma gücünü Vattla tapırıq və Kilovatta çevirmək üçün 1000 -ə bölürük. Əmsalın seçimi isə otağın təyinatından, cəhətlərindən, yerləşməsindən, divarlarının, döşəməsinin və tavanının materialından və pəncərə sahəsinin ölçüsündən asılı olaraq dəyişilir.
Məsələn, eyni həcmli lakin müxtəlif təyinatlı otaqlarn soyutma gücləri fərqli ola bilər.
Məsələn zal otağı üçün kondisioner seçdikdə müxtəlif tədbirlərin keçirilməsi zamanı qonaqların olmasını, adətən zal sahələri böyük olduğundan həmin otaqların pəncərə sahələrinin də böyük olmasını və zalla hollun qapısının həmişə açıq olmasını nəzərə alaraq əmsalı 45 və ya 50 olaraq nəzərə almaq lazımdır.
Yataq otağı üçün kondisionerin soyutma gücünü hesabladıqda həmin otaqda insan yatarkən soyuq olmamasını və adətən həmin otaqda kondisionerin gecələr işləməsini nəzərə alaraq əmsalı 35 olaraq seçə bilərsiniz.
Zal 40m2 × 3metr = 120 m3 × 45 = 5400 / 1000 = 5. 4 Kvt / saat
Yataq otağı 40m2 × 3metr = 120 m3 × 35 = 4200 / 1000 = 4. 2 Kvt / saat
Gördüyünüz kimi müxtəlif təyinatlı lakin eyni həcmli otaqların soyutma gücləri də müxtəlif oldu.
Bəzi istehsalçılar vardır ki, onlar soyutma və ya isitmə güclərini BTU/ saat ilə göstərirlər. Kilovattdan BTU -ya keçid üçün isə 1 Kvt = 3412 BTU ölçü vahidindən istifadə edərək lazım olan kondisioneri tapa bilərik.
Kondisionerin elektrik enerjisi sərfiyyatının seçilməsi:
Qeyd etmək istərdik ki, məhsuldarlığın göstəricisi olan Kvt /saat – la elektrik enerji sərfiyyatı olan Kvt /saat – ı qarışdırmaq olmaz. Çoxları elə düşünür ki, bu eyni göstəricidir amma bu tamamilə yanlış fikirdir. Əgər kondisionerin sərf etdiyi elektrik enerjisi sərfiyyatı sizin üçün önəmlidirsə kondisioner seçimi etdikdə aşağı enerji sərfiyyatı ilə yüksək soyutma və isitmə məhsuldarlığı olan avadanlıqları seçmək məsləhətdir. Bunun üçün təbii ki, yüksək enerji effektivliyinə və faydalı iş əmsalına malik inverter texnologiyalı kondisionerləri seçsəniz istehsalçıdan və modeldən asılı olaraq elektrik enerjisinə 40 %-ə qədər qənaət edə bilərsiniz ki, bu da sizin büdcənizi artıq xərclərdən azad edəcək . Ona görə də elektrik enerjisi sərfiyyatı və ya kondisonerin hansı enerji effektivlik sinfinə (A, A+, A++, A+++) aid olması haqqında satıcının şifahi məlumatlarını deyil istehsalçının internetdə yerləşdirdiyi rəsmi məlumatları gözdən keçirməniz məsləhətdir.
Kondisioner tipinin seçilməsi :
Əsas məqamlaran biri kondisioner tipinin seçilməsidir. Kondisioner tipinin seçilməsi dedikdə evinizin, otağınızın və ya obyektinizin dizaynına, interyerinə texniki cəhətdən funksionallığına uyğun tipin seçilməsidir.
Əgər siz otağınızın və ya obyektinizin tavanını hər hansı fiqurlarla və ya formalarla aşağı salaraq yığdırmaq istəyirsınizsə və daxili divarlarda və ya döşəmədə heç bir kondisioner qurğusu istəmirsinizsə onda siz kasset və kanal tipli kondisionerləri seçməlisiniz. Kanal və kasset tipli kondisionerlər asma tavanın altında yerləşdirilir, nisbətən kiçik gücdə olanları mənzil və ya evlər üçün istifadə olunur. Divar tipli kondisionerlərin gücləri nisbətən kiçik olduğundan (8. 7 kvt. – 30 000 BTU) kasset (15. 0 kvt. – 51 000 BTU) və kanal tipli (28. 0 kvt. – 100 000 BTU) kondisionerlərin gücləri daha yüksək olduğundan onların alış veriş mərkəzlərinin, kinoteatrların, restoranların, kitabxanaların və s. nisbətən böyük sahəli obyektlərin soyudulub isidilməsində rolu əvəzedilməzdir. Divar tipli kondisionerlərdə kondensat suyu mütləq maili olaraq aparıldığı halda kasset və kanal tipli kondisionerlər əsasən drenaj pompası ilə təchiz olunduğundan yaranmış kondensat suyunun bayıra çıxarılması daha asanlaşır. Bütün iqlim avadanlıqları quraşdırılarkən soyuq və ya isti hava axınının pəncərə istiqamətinə yönləndirilməsi məsləhət görülür.
Əgər siz otağınızın tavanını aşağı salmaq istəmirsinizsə və ya buna texniki cəhətdən imkan yoxdursa onda siz divar, döşəmə və sütun tipli kondisionerlər seçə bilərsiniz.
Adətən döşəmə tipli kondisionerlər hündürlüyü nisbətən aşağı olan və kondisionerin quraşdırılması üçün nəzərdə tutulan divarın hündürlüyü az olan mansard sahələri üçün istifadə olunur ki, bu da belə sahələrin soyudulub isidilməsi problemini asanlıqla həll edir.
Sütun tipli kondisionerlər yüksək məhsuldarlığa (15kvt – 51 000 BTU) malik olduğundan böyük zalların soyudulub isidilməsində əlverişli yer tutur. Belə tip kondisionerlərdə hava miqdarın çoxluğuna görə səs səviyyəsi nisbətən yüksək olduğundan bunları yataq və istirahət otaqları üçün almaq məsləhət görülmür.
Kondisionerin səs səviyyəsinin seçilməsi:
Müxtəlif istehsalçıların eyni soyutma və ya isitmə məhsuldarlığına malik kondisionerlərinin
səs səviyyəsi də müxtəlif ola bilər. Adətən çoxları belə düşünür ki, kondisionerin məhsuldarlığı nə qədər çoxdursa onun səs səviyyəsi də bir o qədər artmalıdır amma bu həmişə belə deyil. Qiyməti nisbətən baha olan modellərdə yüksək texnologiyalar və maya dəyəri yüksək olan materiallardan istifadə etməklə aşağı səs səviyyəsinə nail olunur. Məhz bu və ya başqa göstəricilər malın maya dəyərinin artmasına səbəb olur.
Kondisionerin istehsalçısının və ya Brendinin seçilməsi:
Geniş azad iqdisadi münasibətlər və əlaqələr nəticəsində bu gün Azərbaycan kondisioner bazarına bir çox ölkələrdən iqlim avadanlıqları və ya kondisioner sistemləri idxal edilir. Amma çox təəssüf ki, idxal olunan malların hamısı keyfiyyətli deyil və hətta texniki parametrləri (soyutm və isitmə gücləri, səs səviyyələri, hava miqdarı, elektrik enerjisi sərfiyyatı və enerji effektivlik sinfi) standartlara uyğun gəlmir. İlk növbədə, seçim edərkən brendin tanınma dərəcəsinə, məşhurluğuna, qiymətinə və başqa alıcılar tərəfindən verilmiş irad və rəylərə fikir verib aldanmamağınızı məsləhət görürük. Malın qiymətinin çox ücüz olması da şübhə doğurmalıdır. Dünyaca məşhur brendlər öz məhsullarını laboratoriya şəraitində müxtəlif testlərdən keçirərək keyfiyyətə nəzarət edir və alıcı məmnuniyyətini üstün tutaraq öz adının və brendinin məhsullarını inkişaf etdirir, daha da təkmilləşdirir, mükəmməlliyinə nail olur.
Kondisioner üçün montaj ustasının seçilməsi:
Bu gün Azərbaycanın əmək bazarında bütün sahələrdə olduğu kimi iqlim avadanlıqları montajı üzrə müxtəlif bilik və təcrübəyə malik olan ustalar və ya briqadalar çoxdur. Kondisioner seçimini edib əgər onu tanımadığınız və zəhmət haqqı nisbətən aşağı olan ustanın vasitəsilə quraşdırmaq və ya montaj etdirmək istəyirsinizsə bunu etməyin. Əvvəla kondisioner satan şirkətlər mallara zəmanət vermək üçün özlərinin servis ustaları tərəfindən montaj edilməsini məsləhət görür və gələcəkdə yarana biləcək problemlərin həlli üçün siz telefonu söndürülmüş usta axtarışındansa rəsmi servisə müraciət etsəniz problemlərdən uzaq ola bilərsiniz. Çoxları elə düşünür ki, kondisionerin montajı asan və diqqət tələb etməyən bir işdir, bu tamamilə yanlış fikirdir. Kondisioner montajı çətin, məsuliyyət tələb edən və mürəkkəb işdir. Birincisi montaj zamanı qiyməti heç də ucuz olmayan müxtəlif peşəkar alətlərdən istifadə edilməlidir və yalnız tərübəsi və peşəkarlığı olan usta və şirkətlər bu alətlərə sahibdir. İkincisi isə kondisioner alan zaman bu şirkətin iqlim avadanlıqları sahəsində ixtisaslaşmış olduğu şirkətdən almağınız məsləhət görülür , hansılar ki, yalnız iqlim avadanlıqlarının satışı, quraşdırılması , servisi ilə məşğul olur və ustalara və ya servis işçilərinə vaxtaşırı keçirdiyi təlim – ixtsasartıma kursları sayəsində daha peşəkar səviyyədə müştərilərə xidmət göstərir. Yaxşı usta keyfiyyətsiz kondisioneri peşəkarcasına montaj edərək brendi qaldıra bilər, pis usta isə keyfiyyətli kondisioneri pis montaj edərək brendi hörmətdən sala bilər.
Hörmətli izləyicilər yuxarıda sadalanan məqamlardan başqa kondisioner seçimi etdikdə bir sıra başqa sadalanmayan göstrərici, funksiya və xüsusiyyətlər də var ki, bunlar da kondisioner seçimində öz rolunu oynayır. Bunlara hansı hava filterlərinin (Nano platinium, Anti oksidant, Anti allergen, Anti bakterial, Aktiv karbon və s. ) , əlavə funksiyaların (Avtorestart , İ feel, 3D İ see sensor, 3 D Airflow, İ save, həftəlik gə ya günlük Timer, Long və s. ) olması və iç blokların hava miqdarının otağın havasını 1 saat ərzində minimum 5-6 dəfə mübadilə etməsi xüsusiyyətinin olması aiddir.
Bütün qeyd olunanları nəzərə alaraq kondisioner seçiminizi düzgün etmənizə ümid edirik.